İmtahandan bir gün əvvəl.

İmtahandan bir gün əvvəl…
📌Hər bir insan aylarla, illərlə çəkdiyi zəhmətin bəhrəsini görmək istər. Və budur artıq imtahanlara sayılı günlər qaldı. İlk öncə hər birinizə uğurlar arzu edirik. Tezliklə tələbə adını qazanmağınızı diləyirik.
📌İmtahan günü yaxınlaşdıqca həyəcan daha da artır. Fikir, qayğı abituriyenti dörd bir yandan sarır. Bəli, bu həyatımızın geri qalanı üçün əsas günlər hesab oluna bilər. Çünki qazanacağımız ixtisas şəxsi həyatımızın əsas parçası olacaq, lakin dediyimiz kimi parçası olacaq, bütün həyatımız deyil… Bununla belə yenə də bu həyəcanı normal qarşılamaq lazımdır. Bu günlərdə abituriyentin ən böyük dəstəkçisi ailəsi olmalıdır. Valideynlər hər nə olursa olsun abituriyentlərə yüklənməməlidirlər. Məsələn, bəzən valideynlər qızım 600 bal yığacaq, memar olmalısan və ya mütləq bu ixtisasa daxil olmalısan, filankəsin uşağı keçən il həkim ixtisasını qazandı, sən də qazanmalısan və.s. Bu kimi fikirlər nə imtahana az qalmış, nə də daha öncəsində abituriyentə kömək etməyəcək. Valideynlər sadəcə abituriyentlə səmimi ünsiyyət yaratmalı, onların həyəcanını anlamalıdırlar. Bu ərəfələrdə mümkündür ki, abituriyent daha həssas olsun və ya daha aqressiv olsun. Onun hər halında valideyn anlayışla qarşılamalı və düzgün yönləndirməlidir.
📌Yaxşı olar ki, abituriyent imtahandan bir gün öncə mümkün qədər təmiz hava qəbul etsin, yaxın parka və ya sakit bir yerə gəzintiyə getsin. Komputer, telefon kimi elektronik alətlərdən məcbur qalmadığı halda istifadə etməsin. Xüsusən axşam vaxtlarında televizora baxmasın, dostları və ya ailəsi ilə vaxt keçirməsi və ünsiyyətdə olması daha məqsədəuyğundur. Yaxşı olar ki, bu ünsiyyət zamanı yaxınları onda motivasiya və özünəinamı qaldırsınlar. Abituriyent pozitiv yüklənməlidir.
📌İmtahandan öncəsi gün qidalara da önəm vermək lazımdır. Abituriyentlər yorğunluq, stress, yuxusuzluq, halsızlıq, baş gicəllənməsi, mədə bulantısı kimi problemlər yaşaya bilər. Ancaq düzgün və nizamlı qidalanma bu problemlərin qarşısını alar. Çalışmaq lazımdır ki, kofein (stressi artırır), şokolad (diqqətin pozulmasına səbəb olur), yağlı və şirin qidalar imtahandan öncəki gün qəbul edilməsin. Səhər yeməyi müsbət təsir edir, ona görə mütləq qəbul edilməlidir.
📌İmtahandan öncəki gecə mütləq və mütləq təmiz çarpayıda və erkən yatmaq vacibdir. Otaq mümkün qədər səssiz, çox zəif işıqlandırılmış və havası təmiz olmalıdır.
📌İmtahanın keçiriləcəyi yeri isə öncədən müəyyən etmək lazımdır, yaxşı olar ki, imtahanın keçiriləcəyi binanı abituriyent əvvəlcədən gedib görsün. Bu onun həyəcanının azalmasına kömək edə bilər.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et