“Loqos”un Gəncə filialı insanların sevimli məkanına çevrilir

Loqos”un əməkdaşı Gülgün Quliyevanın Gəncə filialının

baş psixoloqu Lüdmila Mansurova ilə müsahibəsi

  • Lüdmila xanım, aprel ayında Gəncə filialının bir yaşı tamam olur. Nəticələrdən razısınızmı?

Nəticələr gözlədiyimizdən yaxşıdır. Başlanğıc mərhələdə bir qədər çətinliklər oldu. İnsanların çoxu “Loqos”a əvvəllər bir növ tanışlıq xatirinə, maraq üçün gəlirdilər. Müraciət edənlərin arasında təbii olaraq valideylər çoxluq təşkil edirdi. İlk fəaliyyətə demək olar ki, Autizm sindromlu, inkişaf ləngiməsi, nitqi qüsurlu uşaqlarla başladıq. Çox qısa zamanda müsbət nəticələr əldə edildi. Bilirsiz, Gəncə əyalət şəhəridir, burada xəbər tez yayılır. Bir ana üçün övladından qiymətli nə var ki? Deyək ki, autik sindromlu, yaxud da nitqində qüsur olan uşağın valideyni cüzi bir irəliləmə olanda belə sevincini çevrəsindəki adamlarla paylaşaraq rahatlanır. Övladının sağlamlığı ilə bağlı hər müsbət nəticə onun ümidini artırır. Belə bir atalar məsəli də var. Dərd paylaşınca azalar, sevinc paylaşınca çoxalar.

Yəni kollektivimiz gənc olsa da, peşəkarlıq səviyyəsi yüksəkdir. Gənc kadrların peşələrinə olan sevgisi və işə məsuliyyətli yanaşması sayəsində biz “Loqos”un Gəncə filialını yaxşı mənada tanıtmağa və təsdiqləməyə nail olduq. İnsanlar üçün ən əsası inam və etibardır. Biz onu qazandıq. Düzdü, asan olmadı, amma daha bir həqiqət də var ki, etibarı qoruyub saxlamaq, onu qazanmaqdan daha çətindir.

  • Lüdmila xanım, sizin psixologiya sahəsində kifayət qədər təcrübəniz var. Uzun illər beynəlxalq və yerli layihələrdə psixoloq və aparıcı mütəxəssis kimi çalışmısınız. Səhv etmirəmsə, “Loqos”a qədər də Gəncədə psixoloji mərkəzlər vardı. Niyə məhz buranı seçdiniz və peşman deyilsiniz ki?

İkinci sualdan başlamaq istəyirəm. Qətiyyən peşman deyiləm. İndi daha bir sual yaranacaq. Niyə? Bəli, doğru qeyd etdiniz, 1996 – 2012 illər ərzində beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişəm. Necə deyərlər, demokratik ab-havada işləməyə alışmışam. Belə təşkilatlarda rəhbərlik əlçatandır. İşlədiyin yerdə rəhbər xofu yoxdur. Bu çox önəmli məsələdir. “Loqos”a dəvət alanda, tərəddüdlərim vardı. Ona görə qərar verməkdə çətinlik çəkirdim. Mərkəzin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva ilə əvvəllər bir yerdə çalışmışdıq. Əslində onun tövsiyyəsi ilə “Loqos”a dəvət olunmuşdum. Əgər belə demək mümkünsə, mən “yüz ölçüb, bir biç”ən adamların kateqoriyasındanam. Amma Bakıya gəlib “Loqos”da yaradılan yüksək şəraitlə, demokratik mühitlə tanış olandan, ən başlıcası, mərkəzin gənc rəhbəri Təranə Məmmədova ilə söhbətdən sonra bütün tərəddüdlərim yox oldu. Artıq bir ilə yaxındır ki, “Loqos”da baş psixoloq kimi çalışıram. Kollektivdən və işimdən çox razıyam.

  • Lüdmila xanım, bilirik ki, “Loqos”, həm də geniş miqyaslı maarifləndirmə işi aparır. Gəncə filialı maarifləndirici layihələrə qoşulurmu?

Əlbəttə. Ümumiyyətlə, bir neçə filialın olmasına baxmayaraq “Loqos” bir tamdır. Biz ümumi proqram əsasında işləyirik. Amma yer, mühit, mental dəyərlər baxımından bəzən fərqliliklər ola bilər. Yaxşı cəhət odur ki, “Loqos”un rəhbəri gənc olmasına baxmayaraq, idarəçiliyi gözəl bacarır. Həm də dünya standartları və qəbul olunmuş yerli qaydaları uyğunlaşdırıb öz prizmasından keçirərək, tam yeni bir model yaradır. Və bu model gəncləri daha çox cəlb edir. Hər kəs burada işləməyə can atır. Təbii ki, biz Gəncədə “Loqos” olaraq planlı şəkildə maarifləndirmə işi aparırıq. Əvvəllər bu işi Mərkəzin rəhbərliyi və Bakıdakı filiallarda çalışan təcrübəli həmkarlarımızla birlikdə edirdik. Yəni bu işlər birbaşa Bakıdan idarə olunurdu. Təranə xanım faydalı təşəbbüs və ideyalara çox açıqdır. Xüsusən gənc kadrların fəallığına, maraqlı təkliflərlə çıxış etməsinə çox önəm verir. Hal-hazırda Gəncə Dövlət Universiteti, Gəncə Şəhər Təhsil Şöbəsi, həmçinin məktəb və məktəbəqədər təhsil müəssisələri ilə əməkdaşlığa nail olmuşuq. Gənc psixoloqlar, məktəb psixoloqları, tələbələr bizim kurslarda həvəslə iştirak edirlər. Mərkəzin gənc psixoloqu Zahid Tağının “Qəzəbin idarə olunması”, “Ailə problemlərinin psixoloji həlli yolları”, “Sevginin psixoloji mahiyyəti” mövzusunda seminarları böyük maraq doğurur. Məktəblərdə təlimlər keçirik, əməkdaşlarımız valideyn yığıncaqlarında iştirak edirlər, problemli məsələlərin həllində müəllim-şagird-valideyn üçlüyünə yerindəcə, həm də təmənnasız köməkliklik göstərirlər. Təhsil şöbəsi işçiləri üçün təlimlər keçirik. Gəncə Şəhər Təhsil Şöbəsinin təşəbbüsü ilə şəhər məktəblərinin psixoloqları ilə təlimlərə başlamışıq.

Ümumiyyətlə maarifləndirici tədbirlərdən sonra insanlarda psixoloji sahəyə maraq xeyli artıb. Artıq əhalinin müəyyən hissəsi psixoloqla psixoterapevtin, yaxud da nevropotoloqun fərqli peşə olduğunu bilir, bu da həm biz psixoloqların, həm də insanların xeyrinədir.

  • Yeri gəlmişkən, uşaq həkimləri və nevropatoloqlar əlaqələr hansı şəkildə qurulur?

Bu fəaliyyətimizin tərkib hissəsidir. Hər kəsə məlumdur ki, insanlar sağlıqla bağlı problemləri olanda daha çox həkimlərə etibar edirlər. On-on beş il əvvəl psixoloji problemi olan bir adamı inandırmaq olardımı ki, onun xəstəliyi dərmanla yox, sözlə müalicə müalicə oluna bilər. Həkimdən əli üzülən adam ya molla yanına, ya da falçı yanına gedərdi ki, ona cadu olunub. Uşağın boğazı ağrıyanda da, nitq ləngiməsi olanda da pediatrın yanına aparır. Pediatr da təbii olaraq nevropatoloqla əlaqəli işləyir. Yəni psixoloji amil arxa plana keçirdi. Bir çox hallarda ailə qalmaqalları, ata-ana arasında baş verən dava – dalaşlar azyaşlı uşaqlarda qulaq ağrısına səbəb olur. Qulağı ağrıyan övladını valideyn təbii olaraq lor həkimə aparacaq, yaxud da özü bildiyi şəkildə türkə-çarə ilə müalicə etməyə çalışacaq. Yəni məsələnin kökündə psixoloji travmanın dayanması faktoru arxa plana keçəcək. Belə misallar çoxdur. Bir qədər əvvəl də qeyd etdiyim kimi Mərkəzin rəhbəri Təranə xanım öz işinin ustasıdır. O, hər işi planlı şəkildə aparır. Həkimlərlə əməkdaşlıq bu planın tərkib hissəsidir və biz öz işimizi sıx əməkdaşlıq şəklində qururuq. Nevropotoloqa müraciət edən şəxsin, istər uşaq, istərsə də yetkin insan olsun, əgər xəstəliyinin kökündə psixoloji travma dayanırsa, təbii olaraq hər hansı müalicə müvəqqəti xarakter daşıyacaq və artıq həkimlər də bunun fərqindədirlər. Ona görə də effektiv müalicə üçün əməkdaşlıq ən doğru olanıdır.

  • Lüdmila xanım, söhbətimizin əvvəlində qeyd etdiniz ki, ilk günlər Gəncə sakinləri daha çox uşaqlarına görə “Loqos”a gəlirdilər. İndi vəziyyət necədir?

Vəziyyət demək olar ki, köklü şəkildə dəyişib. Bəli, etraf edim ki, müraciət edənlərin sırasında uşaqların sayı yenə çoxluq təşkil edir. Amma artıq yetkin insanlar, daha çox da yeniyetmə və gənclər “Loqos”un xidmətindən faydalanır. Diqqətə çatdırılacaq daha bir məqam da ondan ibarətdir ki, Mərkəzə Gəncə ətrafı bölgələrdən, hətta gediş-gəlişin çətin olduğu ucqar kəndlərdən belə müraciət edənlər var. Bu həqiqətən müsbət göstəricidir. Mütəxəssislərimiz yüksək nəticələri ilə etibar qazanıblar. Bu yerdə mətbu orqanların, radio və televiziyaların rolunu dəyərləndirmək yerinə düşərdi. “Loqos”un peşəkar mütəxəssisləri ekspert qismində davamlı olaraq çıxışlar edirlər. “Loqos”un ümumi fəaliyyəti, faydalı layihələri barədə mətbuatda yazılar dərc olunur. Bu da öz növbəsində insanların Mərkəzə olan inam və etibarı artırır. Digər tərəfdən söhbətimizin əvvəlində dediyim kimi effektiv nəticə alanlar çevrələri ilə paylaşır, psixoloji problemi olanları “Loqos”a yönləndirirlər. Bütün bunların kökündə isə sistemli və planlı iş dayanır ki.

Lüdmila xanım, müsahibə üçün təşəkkürümüzü bildirir və bütövlükdə “Loqos”ailəsinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Gülgün

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et