Övladımın həm anasıyam, həm atası…

( atasız böyüyüən ailələrdə uşaq psixologiyası )

Günümüzün ən aktual problemlərdən biri atasız böyüyən uşaqların sayının artmasıdır.Məqsədimiz səbəbləri müzakirə etmək deyil. Bu daha geniş mövzudur. Ailənin dağılma səbəbləri fərqli ola bilər. Yaxud ata dünyasını dəyişmiş olar. Bütün hallarda ata olmayan ailələrdə uşaqların psixologiyasında fərqli dəyişikliklərin olması reallıqdır. Öncə onu vurğulayım ki, mənsub olduğumuz xalqın mental dəyərlərinin bəzi göstəriciləri müasir psixologiyanın yanaşmaları ilə üst- üstə düşməyə bilər. Bunlardan birincisi boşanmış qadınlara münasibətin birmənalı olmamasıdır. Təbii olaraq baş verənlər istər-istəməz qadının psixologiyasına mənfi təsirini göstərir və bu da nəticə etibarilə onun tərbiyə etdiyi uşağın psixologiyasında öz izlərini qoyur. Beləliklə, böyüklərin yalnışı nəticəsində bir uşağın gələcəyi sual altına alınır. Bu məsələ ilə bağlı kifayət qədər nümunələr var. Bu günlərdə rastlaşdığım bir hadisəni diqqətinizə çatdırmaqla mövzuya bir qədər aydınlıq gətirmək istərdim.

Davranış pozuntusu ilə qəbula yazılmış 8 yaşlı oğlanın anası durmadan övladının hərəkətlərindən şikayətlənirdi. Söhbət əsnasında bəlli oldu ki, ər-arvad 3 ilə yaxındır ayrı yaşayır və uşağın davranışındakı xoşagəlməz hərəkətlər məhz boşanmadan sonra yaranıb. Diaqnostik müayinə zamanı valideynlərin verdiyi informasiyalar konsultasiya prosesində çox böyük önəm daşıyır. Oğlunun davranışındakı xoşagəlməzliklərin ata ilə bağlı olduğunu iddia edən ananın son anda dediyi bir fikirlə bu nəticəyə gəldim ki, uşağın psixoloji problemlərinin səbəbini atadan çox, onun özündə axtarmaq lazımdır. Ananın fikirlərini olduğu kimi diqqətinizə çatdırıram: – Uşağımın belə olmasının günahkarı atasıdı. Atıb üstümə getdi, mən yazıq tək necə edim? Siz bilirsiz, boşanmış qadına necə baxırlar? Kaş atası öləydi , bilərdim ki ərim ölüb, başı yuxarı gəzərdim.

Məncə, əlavə şərhə çox ehtiyac yoxdu. Boşanmağın xoşagəlməz hal olması bir çox ananı narahat edir. Buna görə də atası dünyasını dəyişən uşaqlarla müqayisədə ata – anası ayrılanlarda psixoloji problemlər daha çox müşahidə olunur.

Boşanmış ailələrdə övladını tək tərbiyə edən analar uşaqlarının inkişafında daha çox nələrə diqqət etməlidirlər? Söhbətimiz bu barədə olacaq.

Heç bir qadın, heç bir ana ailəsini dağıtmaq istəməz. Amma bəzi hallarda boşanma qaçılmaz olur. Davamlı olaraq, şiddətin, laqeyd münasibətin, dava-dalaşın höküm sürdüyü ailələrdə boşanmaq ən doğru olanıdır. Boşanmış ailələrdə əgər uşaq anada qalırsa, qadın mütləq psixoloji dəstək almalıdır. Çünki ilk baxışda psixoloji travma alan uşaq olsa da, ən böyük sarsıntını ana yaşayır. Uşaq böyüdəcək ananın bu travmanı aradan qaldırmadan həyatına davam etməsi yanlışdır.

Uşaq tərbiyəsində boşanmadan sonra diqqət edilməli bir necə məqam var :

  1. Uşaq istər hüquqi tərəfdən, istərsə də valideynlərin ortaq qərarı ilə atası ilə görüşməlidir. Bu dağılmış ailənin gətirəcəyi fəsadların minimuma endirilməsinə səbəb olacaqdır
  2. Hən hansı bir səbəbdən uşaqla atanın görüşməsi mümkünsüzdürsə, bu halda uşağa ailənin yükünün yalnız ananın çəkdiyini nümaiş etdirmək düzgün deyil. Belə halda atanın edəcəyi işləri ailənin yaxın üzvlərindən birinin öhdəsinə götürməsi işin xeyrinə olardı. Bu rolu baba, əmi , dayı və s götürə bilər. Əgər ailədə kişi olaraq, yaxın heç kim yoxdursa, bu vəzifə bölgüsünü xanımlar da icra edə bilər. Sadəcə diqqət edilməli məqam ondan ibarətdir ki, oğlan uşaqları ilə xüsusi davranmalısınız. Onların kişi olduqlarını lazım olan məqamlarda vurğulaya bilərsiniz. Məsələn, alış- veriş zamanı məhz oğlan olduğu üçün kişi paltarlarının seçimində üstünlüyü ona verə bilərsiniz. Bazarlıq zənbilini onun daşımasına şərait yaradın. Bununla ona oğlan olduğu üçün daha güclü olduğunu təlqin edə bilərsiniz və s.
  3. Uşağınızın atasız böyüdüyünü mümkün olduğu qədər az vurğulayın. Xüsusən uşaqların kollektiv vaxt keçirdiyi məkanlarda (uşaq bağçaları, məktəblər və s.) Unutmayın, uşaqlar istər fiziki, istər sə də mənəvi olaraq yaşıdlarından fərqlənmək istəmirlər. Bu fərqlilik onları sadəcə və sadəcə bütün ümumi fəaliyyətlərdən geri salacaqdır
  4. Səbəb nə olursa olsun, övladınızı tək böyütməyə qərar verdiyiniz andan etibarən ailənin gündəlik həyatında köklü dəyişikliklərə cəhd göstərməyin. Bağça , məktəb , yaşayış yeri dəyişmək kimi addımlardan uzaq qaçın. Əgər bu addımlar qaçılmazdırsa, bunu öncədən övladınızla paylaşın və onu yeniliyə qabaqcadan hazırlayın
  5. Anaların etdiyi ən böyük yalnışlardan biri, uşağa atanın yoxluğunu hiss etdirməməkdən ötrü onun tələb etdiyi hər şeyi alması, ürəyi istədiyini reallaşdırmasına şərait yaratmasıdır. Qısa müddətdən sonra uşaq ananın bu davranışlarına öyrəşir. Tələblər böyüdükcə və bu tələblər zamanla qarşılıqsız qaldıqca uşaqla ana arasında konfliktər başlayır və sonda vəziyyət psixoloji narahatçılıqlara gətirib çıxarır.
  6. Özəl günlərdə mütləq övladınızın yanında olun. Bu çox incə məqamdır və sizi ona daha çox bağlayacaq.
  7. Təəssüflər olsun ki, boşanma səbəbi nə olursa olsun uşaqlar yetkinlik yaşına çatanda ailənin parçalanmasına görə böyükləri günahlandıracaq. Boşanmadan sonra ana ilə qalan uşaq azyaşlıdırsa, ana mütləq şəkildə övladının gələcəyini düşünməli, düzgün yanaşma qaydalarını öyrənməlidir. Anaların uşaqların yanında ata haqqında xoşagəlməz fikirlər söyləməsi çox ziyanlıdır və bu uşağın psixikasına təsirsiz qalmır. Buna görə də övladınızın gözündə ata modelini alçaltmaqla uşağın gözündən salmayın. Yaddan çıxarmayın ki, bütün olanlarda uşağın heç bir günahı yoxdur. Əgər uşaqlıqdan ona atasının əvəzolunmaz şəxsiyyət olduğunu təlqin etsəniz gələcəkdə ədalətli olduğunuzu anlayaraq sizə, öz kiçik ailəsinə daha sıx sarılacaq

Əlbətdə, hər bir ailə tərkibi tam olduğu təqdirdə gözəldir. Amma həyat bəzən bizi əksi ilə üzləşidirir və övladımızı tək böyütmək məcburiyyətində qoyur. Xaraktercə güclü ananın edəcəyi ilk iş çətinlikdən yıxılmaması, qarşısına çıxan maneəni növbəti pilləkən qəbul edib irəli addımlamasıdır. Atasız övlad böyüdən anaların çətinliyi əlbətdə ki, yükünü həyat yoldaşı ilə paylaşan analarla müqayisədə daha çoxdur. Lakin mümkünsüz deyildir. Analıq fədakarlıqdır, bunu unutmayaq. Psixoloji mərkəz olaraq biz də hər zaman sizin yanınızdayıq. Nəinki psixoloji gərginliklər zamanı, hər hansı məsələ ilə bağlı məsləhətə ehtiyacınız olarsa, “Loqos”un təcrübəli mütəxəssisləri sizə kömək edər. Gələ bilmədiyiniz halda sorğularınızı elektron ünvanımıza, yaxud FB səhifəmizə göndərib məsləhət ala bilərsiniz.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et